
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri, sadəcə rəsmi görüşlər silsiləsi deyil, həm də iki ölkə arasında qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu göstərən mühüm siyasi mesajdır. Bu səfər Azərbaycanın regiondakı rolunun artdığını və BƏƏ ilə əməkdaşlığın çoxşaxəli xarakter aldığını bir daha təsdiqləyir.
Son illər BƏƏ və Azərbaycan arasında münasibətlər dinamik şəkildə inkişaf edib. Əməkdaşlıq artıq yalnız iqtisadi və ticarət sahələrindən ibarət deyil. Bu gün tərəflər enerji, innovasiya, “yaşıl” texnologiyalar, humanitar layihələr və regional təhlükəsizlik sahələrində birgə təşəbbüslər həyata keçirirlər. Xüsusilə postmünaqişə dövründə BƏƏ şirkətlərinin Azərbaycana sərmayə qoyuluşu, bərpa işlərinə cəlb olunması və yeni layihələrə maraq göstərməsi, tərəfdaşlığın praktik və real nəticələr doğurduğunu açıq şəkildə nümayiş etdirir.
Ötən ilin sentyabr ayında BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın Bakıya və Şuşaya səfəri həm rəmzi, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu səfər Azərbaycanın suverenliyi və regionda formalaşdırdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edildiyini göstərdi. Şuşaya edilən ziyarət isə BƏƏ-nin Azərbaycanın uzunmüddətli tərəfdaş kimi görülməsini və postmünaqişə bərpa proseslərinə dəstək verməyə hazır olduğunu təsdiqlədi.
Dövlət başçımızın bu günkü səfəri tərəflər arasında əməkdaşlığın yalnız bəyanatlarla məhdudlaşmadığını, konkret layihələr və institusional mexanizmlər üzərindən möhkəmləndiyini nümayiş etdirir. Bakı və Əbu-Dabi arasında dialoq intensiv və davamlı xarakter daşıyır, qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq modelini möhkəmləndirir.
Hərbi əməkdaşlıq Azərbaycan–BƏƏ münasibətlərində yeni bir səhifə açıb. Birgə hərbi təlimlər, təcrübə mübadiləsi və operativ əlaqələrin qurulması tərəfdaşlığın dərin və etibarlı xarakter daşıdığını göstərir. Əvvəllər belə əməkdaşlıq əsasən Türkiyə ilə həyata keçirilirdisə, indi BƏƏ də strateji etimad dairəsinə qoşulub. Bu, həm də regionda təhlükəsizlik sahəsində yeni bir tərəfdaşlıq modelinin formalaşmasına təkan verir.
Azərbaycan–BƏƏ yaxınlaşmasının geosiyasi əhəmiyyəti də böyükdür. Qlobal güc balanslarının sürətlə dəyişdiyi, beynəlxalq münasibətlərin dinamikləşdiyi bir dövrdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında etibarlı bir körpü rolunu gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyi təşviq edən, proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu yanaşma radikal meyllərin qarşısının alınması, konstruktiv regional gündəliyin təşviqi və sabit təhlükəsizlik mühitinin yaradılması baxımından önəmlidir.
Azərbaycan yalnız enerji sahəsində tərəfdaş deyil, həm də sülh, inkişaf və postmünaqişə bərpası gündəliyini formalaşdıra bilən strateji aktor kimi qəbul olunur. BƏƏ ilə əməkdaşlıq bu statusun ən parlaq göstəricisidir. Eyni zamanda, əldə olunan etimad və çoxşaxəli əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək və ölkələrimizin qlobal çağırışlara birgə cavab verməsini təmin edəcək.
Azərbaycan–BƏƏ əməkdaşlığı, həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində konkret nəticələr doğurur. Bu münasibətlər, qarşılıqlı hörmət və etimada əsaslanan bir model təqdim edir və gələcəkdə regionda davamlı sabitliyin təmin edilməsinə mühüm töhfələr verəcək.