Sənan Nəcəfov: Bu gün azad Xocalıda ucaldılacaq memorial kompleksi gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq

Sənan Nəcəfov: Bu gün azad Xocalıda ucaldılacaq memorial kompleksi gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq


Göygöl rayon Yol İstismar İdarəsinin rəisi
Sənan Nəcəfov


1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış ən ağır faciələrdən biridir. Aradan uzun illər keçsə də, həmin gecənin ağrısı, şəhidlərin xatirəsi və itirilmiş insan taleləri xalqımızın kollektiv yaddaşında silinməz iz buraxmışdır. Məhz buna görə də 2024-cü il fevralın 26-da ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinin artıq işğaldan azad olunmuş Xocalı şəhərində anılması tarixi və mənəvi baxımdan son dərəcə mühüm hadisə kimi yadda qaldı. Bu mərasim təkcə anım tədbiri deyildi, həm də ədalətin bərpasının, tarixi həqiqətin zəfərinin və milli iradənin təntənəsi idi.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Dövlət başçısının iştirakı ilə keçirilən mərasim həm siyasi, həm də mənəvi baxımdan böyük rəmzi məna daşıyırdı. Uzun illər boyu həsrətlə gözlənilən bu an, əslində, Azərbaycanın tarixi torpaqlarına qayıdışının və milli ləyaqətinin bərpasının bariz nümunəsi idi. Prezident öz çıxışında vurğuladı ki, bu kompleksin layihəsi illər öncə hazır olsa da, onun məhz Xocalıda inşa olunması üçün zamanın yetişməsi gözlənilirdi.

Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu layihənin icrası illərlə təxirə salınmışdı. Çünki ölkə rəhbəri əmin idi ki, Azərbaycan xalqı gec-tez öz doğma torpaqlarına qayıdacaq və memorial məhz faciənin baş verdiyi torpaqda ucaldılacaq. Bu yanaşma strateji düşüncənin və tarixi ədalətə inamın göstəricisi idi. 2003–2020-ci illər ərzində ölkənin siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi məhz bu ali məqsədə – torpaqların azad olunmasına xidmət edirdi.

2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi həmin uzunmüddətli hazırlıq mərhələsinin məntiqi nəticəsi oldu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və dövlət rəhbərliyinin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə nəticəsində işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addım atıldı. Bu zəfər, eyni zamanda Xocalı qurbanlarının qanının yerdə qalmadığını sübut edən tarixi ədalət aktı idi.

Azərbaycanın illər boyu dünya ictimaiyyətinə ünvanladığı “Xocalıya ədalət!” çağırışı geniş beynəlxalq dəstək qazanmasa da, bu istiqamətdə ardıcıl fəaliyyət dayandırılmadı. Bu günə qədər 18 ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Lakin böyük dövlətlərin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların susqunluğu ədalətin beynəlxalq müstəvidə hələ də tam bərqərar olmadığını göstərir. Buna baxmayaraq, Azərbaycan dövləti diplomatik, hüquqi və informasiya müstəvisində mübarizəsini davam etdirmişdir.

Xüsusilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə mühüm rol oynamışdır. Fondun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər, təqdimatlar keçirilmiş, nəşrlər hazırlanmış, ictimai rəyin formalaşdırılması istiqamətində sistemli iş aparılmışdır. Bu fəaliyyət nəticəsində Xocalı həqiqətləri beynəlxalq auditoriyaya çatdırılmış, faciənin mahiyyəti barədə daha dolğun təsəvvür yaradılmışdır.

Lakin bütün bu səylərə baxmayaraq, erməni diasporunun xaricdəki təsir imkanları və bəzi dairələrin riyakar mövqeyi cinayətkarların məsuliyyətdən yayınmasına şərait yaratmağa çalışmışdır. Tarixi həqiqətlərin təhrif olunması cəhdləri, informasiya müharibəsi və siyasi təzyiqlər Azərbaycanın haqq səsinin qarşısını ala bilmədi. Çünki bu məsələ təkcə siyasi yox, həm də mənəvi və insani məsələ idi – söhbət dinc insanların qətliamından gedirdi.

Nəticədə Azərbaycan ədaləti özü bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam təmin olundu və separatizmə son qoyuldu. Bununla da 30 ilə yaxın davam edən işğal və qeyri-müəyyənlik dövrü başa çatdı. Dövlətin suveren iradəsi və ordunun gücü sayəsində Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşu bərpa olundu.

2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıda Azərbaycan Bayrağını qaldırması isə tarixi ədalətin ən parlaq təzahürlərindən biri oldu. Bu hadisə təkcə siyasi akt deyil, həm də milli qürurun, şəhidlərin ruhuna ehtiramın və gələcəyə inamın rəmzi idi. Xocalı, Xankəndi və digər şəhərlər azad olunmadan qələbənin tam sayıla bilməyəcəyini bildirən dövlət başçısının sözləri məhz həmin gün öz təsdiqini tapdı.

Bu gün azad Xocalıda ucaldılacaq memorial kompleksi gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq, soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirəcək və bir daha belə faciələrin təkrarlanmaması üçün yaddaş abidəsi olacaq. Xocalıda anım mərasiminin keçirilməsi və memorialın təməlinin qoyulması Azərbaycanın tarixi ədaləti bərpa etməsinin, milli birliyinin və güclü dövlətçilik iradəsinin təntənəsidir. Bu hadisə göstərdi ki, xalqın yaddaşı, dövlətin qətiyyəti və ordunun gücü birləşdikdə, ən ağır faciələr belə nəhayət öz ədalətli həllini tapır.

Популярный ролик