Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsi üzrə müsahibələrə start verilib
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsahibə mərhələsinə start verilib. Müsahibələrin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsahibə mərhələsi 3–6 iyun tarixlərində keçiriləcək. Bu mərhələdə namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar veriləcək.
Qeyd edək ki, test imtahanı mərhələsindən uğurla keçmiş 177 nəfər müsahibədə iştirak hüququ qazanıb.
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
İyunun 3-ü saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatacaq.
2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.
Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib
İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dövlətlərinin məktəbliləri arasında "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.
Türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.
Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak ediblər.
Qeyd edək ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.
Şuşada Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib
İyunun 1-də Şuşa şəhərində Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib.
Açılış nitqi ilə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Şahin Mustafayev bildirib ki, sözügedən iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.
Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib. Türk Akademiyasının məqsədlərindən danışan Emin Əmrullayev akademiya ilə əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində həyata keçirilən işlərdən bəhs edib.
Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub.
İclas çərçivəsində Türk Akademiyasının fəaliyyətinə dair hesabat təqdim olunub.
Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib
İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq TDT-nin qısa müddət ərzində əldə etdiyi uğurların təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyinin bu vacib proseslərə töhfə verməkdən məmnun olduğunu söyləyən Emin Əmrullayev türkdilli dövlətlər arasında dayanıqlı və sağlam əməkdaşlığın bünövrəsinin gənclər olduğunu vurğulayıb. Nazir qeyd edib ki, bu baxımdan TDT çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsi məktəblilərimizin ortaq tarix, mədəniyyət və adət-ənənələri tanımasına şərait yaradır.
TDT-yə üzv dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini bildirən Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə qardaş ölkələrin dəstəyi ilə tikilən məktəbləri, həmçinin görülən digər işləri ölkələrimiz arasında dostluq və qardaşlığın növbəti rəmzi kimi qiymətləndirib.
Nazir çıxışının yekununda TDT-yə üzv və müşahidəçi ölkələrlə ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində qarşıda duran hədəflərə toxunub.
Daha sonra digər qonaqlar çıxış edərək elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsindən söz açıblar.
Çıxışlardan sonra iclasın gündəliyində olan məsələlər müzakirə edilib.
Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar
Mayın 31-də Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin müşahidəçi dövlətlərin nümayəndə heyətləri Şuşa şəhərinə səfər çərçivəsində şəhər 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Qonaqları məktəbdə yaradılmış müasir şəraitlə tanış edən elm və təhsil naziri Emin Əmrullayev müəssisədə qurulmuş STEAM mərkəzi haqqında məlumat verib.
Bildirilib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.