
Azərbaycanın son onilliklərdə keçdiyi yol təkcə iqtisadi göstəricilər, həyata keçirilən layihələr və qurulan yeni infrastrukturla deyil, ölkənin qarşısına qoyduğu tarixi məqsədlərə çatması ilə də yadda qalıb. Prezident İlham Əliyevin fəaliyyəti dövründə dövlət siyasətinin mərkəzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və xalqın gələcəyə olan inamının gücləndirilməsi dayanıb. Ölkənin qarşılaşdığı mürəkkəb siyasi proseslər fonunda prinsipial mövqenin qorunması Azərbaycanın öz sözünü deyən və maraqlarını müdafiə edən dövlət kimi mövqeyini daha da möhkəmləndirib.
İlham Əliyevin prezidentliyi illərində Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişib. Paytaxtdan ən ucqar yaşayış məntəqələrinə qədər həyata keçirilən quruculuq layihələri, yenilənən yol və kommunikasiya şəbəkələri, istifadəyə verilən sosial obyektlər, məktəblər, xəstəxanalar və digər mühüm infrastruktur layihələri ölkənin müxtəlif bölgələrində yeni imkanlar yaradıb. Regionların iqtisadi fəallığının artırılması və insanların yaşayış şəraitinin yaxşılaşdırılması dövlət proqramlarının əsas istiqamətlərindən biri olub.
Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən mühüm səhifələrindən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə bağlıdır. Uzun illər xalqın ən böyük arzularından olan doğma torpaqlara qayıdış reallığa çevrilib. Azərbaycanın dövlət və xalq olaraq nümayiş etdirdiyi birlik, Ordunun döyüş qabiliyyəti və siyasi iradə ölkənin tarixində yeni səhifə açıb. Azərbaycan bayrağının azad edilmiş torpaqlarda dalğalanması milli yaddaşımızda qürur doğuran tarixi hadisələrdən biri kimi öz yerini tutub.
Bu gün Qarabağ və Şərqi Zəngəzur tamamilə başqa bir mənzərəyə qovuşur. Bir vaxtlar dağıntıların hökm sürdüyü ərazilərdə yaşayış məhəllələri, məktəblər, yollar, körpülər, tunellər, hava limanları və istehsal müəssisələri yaradılır. Böyük Qayıdış çərçivəsində insanların ata-baba yurdlarına dönməsi isə aparılan quruculuğun ən mühüm nəticələrindən biridir. Prezident İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri, görülən işlərlə yerində tanış olması və yeni obyektlərin açılışında iştirakı Qarabağın bərpasına verilən əhəmiyyəti nümayiş etdirir.
Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi də həyata keçirilən siyasətin mühüm istiqamətlərindəndir. Neft və qaz gəlirlərindən ölkənin uzunmüddətli maraqları naminə istifadə edilməsi ilə yanaşı, qeyri-neft iqtisadiyyatının genişləndirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatının, sənayenin, turizmin və logistikanın inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdırılıb. Azərbaycanın mühüm enerji və nəqliyyat marşrutlarında oynadığı rol ölkənin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi çəkisinin də artmasına təsir göstərib.
Prezident İlham Əliyevin fəaliyyətində Azərbaycan əsgərinə, şəhidlərin xatirəsinə və Vətən uğrunda sağlamlığını itirmiş qazilərə münasibət xüsusi mənəvi məna daşıyır. Şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması, qazilərin müalicəsi və reabilitasiyası, mənzil proqramlarının həyata keçirilməsi və müxtəlif dəstək mexanizmlərinin tətbiqi bu istiqamətdə dövlət tərəfindən görülən işlərin mühüm hissəsidir. Vətən uğrunda həyatını fəda etmiş insanların xatirəsinin daim uca tutulması isə Azərbaycan cəmiyyətinin mənəvi borcu və dövlət siyasətinin mühüm dəyərlərindən biri kimi çıxış edir.
Ölkənin xarici siyasətində də Azərbaycanın öz milli mövqeyindən çıxış etməsi diqqət çəkən əsas xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalardakı çıxışları, dövlət və hökumət başçıları ilə görüşləri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı diplomatik fəaliyyət ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edib. Azərbaycan bu gün enerji, nəqliyyat, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərində mühüm tərəfdaşlardan biri kimi çıxış edir.
Ölkədə aparılan sosial siyasətin mahiyyətində isə insan və onun rifahı dayanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun artırılması, xidmətlərin müasirləşdirilməsi, təhsil və səhiyyənin imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlər insanların gündəlik həyatına təsir edən mühüm məsələləri əhatə edir. Dövlətin iqtisadi imkanlarının vətəndaşların sosial rifahına yönəldilməsi Azərbaycanın gələcəyinin yalnız iqtisadi göstəricilərlə deyil, insan kapitalının gücləndirilməsi ilə qurulması məqsədinə xidmət edir.
Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın milli maraqlarının qorunmasını bütün məsələlərdən üstün tutan siyasi xəttlə səciyyələnir. Keçilən yol göstərir ki, dövlətin qarşısında duran böyük məqsədlərin gerçəkləşməsi siyasi iradə, ardıcıllıq, xalq-dövlət birliyi və milli mənafelərə sədaqət tələb edir. Qələbənin yaratdığı qürur, Qarabağa qayıdan həyat, ölkənin artan beynəlxalq çəkisi və Azərbaycanın gələcəyinə hesablanmış böyük layihələr bu gün müasir dövlətçilik tariximizin mühüm səhifələrini təşkil edir.
Azərbaycan qarşısına daha böyük hədəflər qoyaraq yoluna davam edir. Bu yolun əsas mənası müstəqilliyin əbədi və dönməz olması, dövlətin qüdrətinin qorunması, xalqın rifahının yüksəlməsi və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoyulmasıdır. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mahiyyətində də məhz Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsi, əldə olunan tarixi nailiyyətlərin qorunması və ölkənin gələcəyinin möhkəm təməllər üzərində qurulması dayanır.