Afər Allahverdiyev: Xocalıda Ədalətin Zəfəri - Tarixin Qayıdışı və Milli Qürurun Bərpası



National Prime Hospitalının tanınmış neyrocərrahı Dr. Afər Allahverdiyev - 2024-cü il 26 fevral tarixində Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış Xocalı soyqırımı qurbanlarının xatirəsi ilk dəfə olaraq artıq işğaldan azad edilmiş Xocalı şəhərində anıldı. Bu hadisə təkcə anım mərasimi deyil, həm də tarixi ədalətin təntənəsi, milli qürurun bərpası və şəhidlərin ruhu qarşısında verilmiş sözün yerinə yetirilməsi idi. Uzun illər ərzində həsrətlə gözlənilən bu gün Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və əzmini bütün dünyaya bir daha nümayiş etdirdi. Xocalıda keçirilən anım mərasimi həm simvolik, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyaraq, işğal dövrünün başa çatdığını və yeni bir mərhələnin başlandığını göstərdi.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Dövlət başçısı rayon ictimaiyyəti ilə görüşündə xüsusi vurğuladı ki, bu memorial kompleksinin layihəsi əslində illər əvvəl hazırlanmışdı. Hətta onun Bakıda, Xocalı soyqırımı abidəsinin yaxınlığında inşa edilməsi üçün yer də müəyyən edilmişdi. Lakin cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində bu layihənin icrası təxirə salınmışdı. Çünki dövlət başçısı inanırdı və bilirdi ki, Azərbaycan xalqı öz torpaqlarına mütləq qayıdacaq və memorial məhz faciənin baş verdiyi torpaqda ucaldılmalıdır. Bu qərar strateji baxımdan həm siyasi, həm də mənəvi cəhətdən olduqca mühüm idi.

2003–2020-ci illər ərzində ölkənin bütün potensialının səfərbər olunması, iqtisadi gücün artırılması, ordu quruculuğunun prioritet istiqamətə çevrilməsi və beynəlxalq arenada fəal diplomatik fəaliyyət məhz bu böyük məqsədə – torpaqların azad olunmasına xidmət edirdi. Bu dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrildi. Ordu ən müasir silahlarla təchiz olundu, peşəkar kadr potensialı formalaşdırıldı və xalq-dövlət birliyi daha da möhkəmləndi. Bütün bu hazırlıq işləri 2020-ci ildə öz real nəticəsini verdi.

2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş və tarixə İkinci Qarabağ müharibəsi kimi düşən Vətən müharibəsi 17 il ərzində aparılmış ardıcıl və sistemli hazırlığın möhtəşəm nəticəsi oldu. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Bu müharibə təkcə hərbi qələbə deyil, həm də siyasi, diplomatik və mənəvi zəfər idi. Azərbaycan xalqı bir daha sübut etdi ki, ədalət gec də olsa, bərpa olunur və tarixi torpaqlar sahibsiz deyil.

Azərbaycanın illər boyu dünyaya ünvanladığı “Xocalıya ədalət!” çağırışı beynəlxalq səviyyədə istənilən səviyyədə qarşılıq tapmasa da, bu istiqamətdə ciddi nəticələr əldə olunmuşdur. Bu günə qədər 18 ölkə Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Lakin təəssüflə qeyd edilməlidir ki, böyük dövlətlər və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar bu məsələdə ədalətli mövqe sərgiləməkdən çəkinmişlər. Halbuki Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir və beynəlxalq hüquq normalarına əsasən hüquqi-siyasi qiymət almalıdır.

Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Fondun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər, təqdimatlar keçirilmiş, kitablar və məqalələr nəşr edilmişdir. Bu tədbirlər nəticəsində Xocalı həqiqətləri daha geniş auditoriyaya çatdırılmış, beynəlxalq ictimaiyyətin diqqəti bu faciəyə yönəldilmişdir. Fondun sistemli və ardıcıl fəaliyyəti informasiya mübarizəsində mühüm rol oynamışdır.

Bununla belə, erməni lobbisinin xarici ölkələrdəki təsir imkanları və bəzi dairələrin ikili standartlara əsaslanan siyasəti Xocalı soyqırımını törətmiş şəxslərin beynəlxalq miqyasda məsuliyyətə cəlb olunmasına mane olmuşdur. Bu vəziyyət Azərbaycan dövlətini və xalqını daha da qətiyyətli olmağa sövq etmişdir. Nəticə etibarilə, Azərbaycan ədaləti özü bərpa etmək yolunu seçdi və beynəlxalq hüququn verdiyi legitim müdafiə haqqından istifadə etdi.

İkinci Qarabağ müharibəsi nəticəsində 30 il işğal altında qalan torpaqlarımızın böyük hissəsi azad edildi, 2023-cü ilin sentyabr ayında isə ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu. Bu, dövlətimizin siyasi iradəsinin, ordumuzun gücünün və xalqımızın birliyinin parlaq təcəssümü idi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması regionda yeni reallıqlar yaratdı və uzun illər davam edən münaqişəyə faktiki olaraq son qoydu.

Möhtərəm dövlət başçısı öz çıxışında qəti şəkildə bildirdi ki, Xocalısız və Xankəndisiz Azərbaycanın qələbəsi tam hesab oluna bilməzdi. Çünki Xocalı faciəsi xalqımızın qəlbində sağalmaz yaralar açmış, minlərlə ailənin taleyini dəyişmişdir. Bu şəhərin azad edilməsi həm mənəvi borcun yerinə yetirilməsi, həm də milli ləyaqətin bərpası demək idi. Xocalının azad olunması ilə Azərbaycan xalqı illər boyu içində daşıdığı ağrının müəyyən mənada təsəllisini tapdı.

Nəhayət, 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalı şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bu hadisə təkcə bir rəmzi akt deyil, həm də dünyaya verilən açıq mesaj idi: Azərbaycan torpaqlarında separatizmə və işğala bir daha yer olmayacaq. Xocalıda dalğalanan üçrəngli bayrağımız ədalətin, qələbənin və milli birliyin simvoluna çevrildi. Bu gün Xocalı artıq faciənin deyil, dirçəlişin, quruculuğun və tarixi ədalətin bərpasının şəhəri kimi yeni həyatına qədəm qoyur.

Популярный ролик